Bakı ilə arasında məsafə
372 km
Əhalisi
121,3 min nəfər
Nə ilə getmək olar
Avtonəqliyyatla – Bakı-Zaqatala avtobusları – 9 saat; Qatarla – Bakı-Bərdə-Balakən – 11 saat
Zaqatala rayonu Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamacında yerləşir. Zaqatala qərbdən və şərqdən Balakən və Qax rayonları ilə, cənubdan Gürcüstanla, şimaldan isə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir. İnzibati mərkəzi Zaqatala şəhəri dəniz səviyyəsindən 535 m yüksəklikdə, Bakıdan 445 km məsafədədir. Bakıdan rayona reys avtobusları ilə, qatarla, habelə təyyarə ilə getmək olar (Zaqatalada “Pərzivan” hava limanı fəaliyyət göstərir).
Rayon ərazisinin yarıdan çox hissəsi dağlarla və meşələrlə örtülmüşdür. Buraya şabalıd, qoz, fındıq, palıd, fıstıq, vələs, qarağac və digər qiymətli ağac növləri yetişir. Meşələrdə maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, kəklik, qırqovul, dağ qartalları və digər vəhşi heyvanlar və quşlar yaşayır. Ərazinin bir hissəsini ekoloji turizm üçün əlverişli şəraiti olan Zaqatala qoruğu əhatə edir.
Turist cığırları ilə piyada və ya at belində səyahətə çıxaraq, vəhşi heyvanların və quşların özlərini necə aparmasını müşahidə etmək, foto və video sessiya aparmaq olar. Həmin marşrutlarda turistlərin istirahəti və gecələməsi üçün münasib yerlər mövcuddur. Kəklik və suda üzən quşların, qaban, dovşan və digər heyvanların ovu üçün, habelə Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün yaxşı şərait vardır.
Rayon ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri yerləşir.
Qozbarax və Halal kəndlərində XVIII əsrin məscidləri, Mazıx kəndində XII əsrin alban kilsəsi və XVIII əsrin məscidi, Kəbəloba kəndində XIV əsrin iki abidəsi, Paşan kəndində XIII əsrin alban kilsəsi, Sarskaya başnya kəndində XIV əsrə aid Çinqozqala, Axaxdərədə XII əsrin alban qalası, Tala Cuma kəndində XIX əsrin məscidi.
Zaqatala yerli daşla döşənmiş geniş küçələri olan gözəl, yaşıl şəhərdir. Küçə boyu əzəmətli çinarlar əkilmişdir. Kərpic damlı bir mərtəbəli evlər əvvəllər tikilmiş və indi də tikilən müasir mehmanxanalarla qonşudur. Burada yerləşən Heydər Əliyev mədəniyyət və istirahət parkı şəhər sakinlərinin və turistlərin daha bir sevimli istirahət yeridir.
12 ha sahəsi olan ərazini əhatə edən parkda 27 növ ağac basdırılmış, burada 400 nəfərlik Şadlıq sarayı, karusel, hovuz, abidə və sair salınmışdır. Parkın yaxınlığında son orta əsrlər dövründə inşa edilmiş, 1905-ci il inqilabı zamanı çar aristokratiyasına qarşı üsyan qaldırmış “Potyomkin” zirehli gəmisinin dənizçilərinin dustaq saxlanıldığı qala mövcuddur. Şəhərdə maraqlı təbiət abidəsi – yaşı 800 ildən çox olan ağac vardır.
Şübhəsiz ki, bu gün Zaqatala Azərbaycanın turizm mərkəzlərindən biridir və ölkə var qüvvəsini sərf edir ki, bu nadir guşə bütün dünyanın səyahət həvəskarları üçün əlçatan olsun.
© Copyright 2019 by R-travel & tour