Angola

Anqolanın qədim tarixi çox az öyrənilmişdir. Avropalılar Anqolaya gələrkən (1482-ci ildə portuqal dənizçisi Dioqu Kanın ekspedisiyası) burada erkən dövlətlər – Konqo, Ndonqo, Lunda və Bengela mövcud idi (17-ci əsrdə Matamba və Kasanje dövlətləri yarandı). Ndonqoda hakimiyyətdə olan Nqola sülaləsinin adı sonradan bütün ölkəyə şamil edildi. 16-cı əsrdə portuqallar Anqola sahillərində möhkəmləndirilmiş məntəqələrin, o cümlədən San-Paulu-di-Luanda məntəqəsinin əsasını qoydular. Elə bu vaxtdan Anqolanın işğalına başlanıldı. Anqolalılar 17-ci əsrə qədər işğalçılara müqavimət göstərdilər. Portuqallar Anqolanın işğal olunmuş ərazilərindən zənciləri Braziliyaya və s. ölkələrə zorla köçürürdülər. Anqola qul alverinin ən mühüm bazalarından birinə çevrildi. Üç əsr ərzində ölkədən 5 mln. nəfər çıxarıldı. Qulların daşınması 1836-cı ildə qadağan olundu. Lakin Anqolada köləlik 1878-ci ilədək qalmaqda idi. 1885–94-cü illərdə Portuqaliya, Belçika, Almaniya və B.Britaniya arasında müqavilə bağlandı. Bu müqavilə ilə Anqolanın müasir sərhədləri müəyyən edildi. Anqolanın bütün ərazisinin Portuqaliya tərəfindən işğalı 20-ci əsrin 20-ci illərinin əvvəlində başa çatdırıldı. 1951-ci ildə Anqola Portuqaliyanın «dənizaşırı əyaləti» elan edildi. Anqolada fasiləsiz davam edən milli-azadlıq hərəkatı İkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. 1961-ci ildə müstəmləkəçilik əleyhinə anqolalıların silahlı mübarizəsi başladı. Mübarizə Anqolanın qələbəsi ilə nəticələndi. 1975-ci il yanvarın 15-də Portuqaliya ilə Alvor razılaşmaları (Anqolanın müstəqil elan edilməsini nəzərdə tutan razılaşmalar) imzalandı. 1975-ci il noyabrın 11-də müstəqil Anqola Xalq Respublikası elan edildi. Anqola Netto ölkənin prezidenti seçildi. 1975-1996-cı illər ölkə tarixinə Vətəndaş müharibəsi kimi düşmüşdür. 1976-cı ilin sonlarında Anqolanın ordusu Kubanın hərbi yardımı ilə Zair və CAR-ın işğalçı ordusunu ölkədən qovdu. 1977-ci ildə Milli Birlik Höküməti formalaşmışdır. 70-ci illərin sonu–80-ci illərin əvvəllərində CAR-ın dəstəyi ilə müxalifət qoşunları Anqola ərazisinin böyük hissəsini yenidən işğal etdi. 1992-ci ildən ölkə Anqola Respublikası adlanmağa başladı. Yenidən başlanan vətəndaş müharibəsi gedişində müxalifət lideri J.Savimbi öldürüldü (2002). Bundan sonra müharibənin dayandırılması haqqında razılaşma imzalandı.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour