Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.[2]
Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.[3]
Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.