Mexico

Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir. Əsasən dağlıq ölkə olan Meksikanın ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən 1000 m-dən yuxarıda, yalnız 1/3 hissəsi isə düzənlikdə yerləşir.

Meksika sahili boyu ensiz ovalıqlar uzanır. Onların böyük təsərrüfat əhəmiyyəti vardır. Ovalıqları kəsib keçən çaylar suvarma əkinçiliyinin inkişafına səbəb olmuşdur. Sakit okeanın sahili boyu uzanan ovalıqların eni 250 km-ə çatır. Ölkənin relyefi iqlimin, torpağın və bitki örtüyünün xarakterini müəyyənləşdirir. Dağ silsilələrinin mineral və meşə resursları bir çox rayonların əhalisinin təsərrüfat fəaliyyətinin əsasını təşkil edir. Məşhur Meksika tədqiqatçısı Kampilyo Saensin təsnifatına əsasən ölkə ərazisinda kifayət qədər qiymətli və nadir metallar, sink, qurğuşun, mis, manqan, civə, sürmə və digər metallar vardır. Qeyri-filiz ehiyatlarından kükürd, flüyerit, barıt, qrafıt, təbii qaz və tikinti materialları daha zəngindir.

Ölkə ərazisində iqlimin formalaşmasına onun coğrafı mövqeyi ilə yanaşı relyefın də böyük təsir vardır. Yayda ən çox istilər tropik qurşaqda yerləşən ştatlarda yox, Sonora, Aşağı Kaliforniya, Koauila ştatlarının ərazisində qeyd edilir. Yağıntılarn paylanmasında da relyefın rolu böyükdür.

Ölkə ərazisində rütubətli tropik, rütubətli mülayim və quru iqlim zonalarının ayrılması təsərrüfatın ixtisaslaşmasına güclü təsir etmişdir. Rütubətli tropik zona orta illik temperaturun +18°, orta illik yağıntının 750 mm-dək olması ilə xarakterizə olunur. Bu iqlim zonasına Yukatan yarımadası, Şərqi Syerra-Madre, Syerra Madre-de-Oaxaka, Serraniya-Nofte-de-Çyapasın 1000 m-dək hündürlüyü olan əraziləri, Meksika körfəzinin sahilindəki düzənliklər daxildir. Rütubətli mülayim zonada ən isti ayın orta temperaturu +18°, illik yağıntının miqdarının isə 600 mm-dək olması xarakterik haldır və əsasən dağlıq əraziləri əhatə edir.

Quru iqlim zonasında yağıntının illik miqdarı təxminən 250 mm, Altar səhrasında, Aşağı Kaliforniyanın şərqində 100 mm-dən çox deyildir. Meksikanın fiziki-coğrafı proseslərinə ətraf okean və dənizlərin təsiri olduqca böyükdür. Burada Meksika körfəzinin rolu daha böyükdür. Körfəz üzərində formalaşan hava kütlələri əraziyə olduqca çoxlu rütubət gətirir. Körfəzdən keçən isti Qolfstrim cərəyanı balıqçılığın inkişafı üçün əlverişli şərait yaradır. Kontinental şelfın zəngin neft ehtiyatları ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Karib dənizi üzərində formalaşan hava kütlələri də əraziyə xeyli rütubət gətirir. Atlantik okeanından fərqli olaraq Sakit okean Meksikanın iqlim şəraitinə o qədər də ciddi təsir göstərmir. Meksika dağlıq ölkə olduğundan onun çayları hidroenerji ehtiyatlıdır, nəqliyyat kimi az istifadə edilir.

Ölkə ərazisində qırmızı-sarı laterit torpaqlar əsasən rütubətli tropik və rütubətli mülayim iqlim şəraitində formalaşır. Qırmızı laterit torpaqlar Verakrus ştatında, Nayarit ştatının sahil zonasında və Serraniya-Norte-de-Çyapas dağ silsiləsinin ayrı-ayrı ərazilərində, nisbətən bataqlıqlaşmış ərazilərdə qleyli torpaqlar, quru səhra və yarım səhra iqlimi şəraitində isə boz torpaqlar yayılmışdır. Daxili dağətəyi ərazilərdə qara, yüksək dağlıq yamaclarda dağ-qara və qonur, subtropik, tropik çöl və yarımsəhra iqlimi şəraitində boz-qonur torpaqlar yayılmışdır.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour