Qazaxıstan ərazisinin relyefi çox da mürəkkəb deyildir. Düzənliklər daha geniş sahəni tutur. Qərbdə Xəzəryanı ovalıq və Üstürt yaylası, şərqdə isə Qazaxıstan xırda təpəliyi diqqəti cəlb edir. Cənubda Turan ovalığının bir hissəsi Qazaxıstan ərazisinə daxil olur. Şimalda Torğay çökəkliyi Qazaxıstan ərazisi ilə Qərbi Sibir ovalığını birləşdirir. Ölkənin ən hündür yeri şərqdə Altay dağlarının Qazaxıstan ərazisinə daxil olduğu hissədir. Ən alçaq yer isə qərbdə Xəzər sahillərində yerləşən Karagiye çökəkliyidir (-32 metr). Qazaxıstan ərazisində bir sıra faydalı qazıntıların zəngin yataqları vardır. Bunlardan Qarağandı,Ekibastuz və Torğay daş kömür yataqlarını, Cezqazğan,Sayık,Bozşakul,Balxaş və Kounrad,Qazaxıstan xırda təpəliyi mis mədənlərini, Torğay,Kostanay vilayətindəki dəmir filizi yataqlarını xüsusi qeyd etmək olar. Qazaxıstan ərazisi çox zəngin aliminium yataqlarına, eləcə də qurğuşun, sink, gümüş, volfram, fosforit(Manğıstau,Karatau), nikel, qızıl və başqa nadir metal yataqlarına malikdir. Respublika ərazisinin qərb (Xəzərsahili) hissələrində zəngin neft(Tengiz,Torğay,Manğıstau) və qaz yataqları(Manğıstau,Qaracanbas,Özen) da vardır. Beləliklə, demək olar ki, Qazaxsıtan yanacağa və ən başlıca sənaye sahələri üçün lazım olan bütün xammal ehtiyatlarına malikdir.
© Copyright 2019 by R-travel & tour