Tanzaniya bəşəriyyətin ən qədim ərazilərindən biri sayılır. Tanzaniya ərazisində e.ə.3 mln. il bundan əvvələ aid qədim insan məskənləri, onların istifadə etdikləri əmək alətləri arxeoloqlar tərəfindən müəyyən olunmuşdur. E.ə. I minillikdə əhalinin əksəriyyəti buşmen, hottentot və kuşit dillərində danışır, ovçuluq və yığıcılıqla məşğul olurdular. Eramızın əvvəllərində ölkə ərazisində bantular məskunlaşmış, yerli əhali ilə assimilyasiya olunmuş etno-ərazi qrupları yaranmışdı.
Təxminən I minilliyin ortalarında müasir Tanzaniyanın dəniz sahillərində qul ticarəti ilə məşğul Sasani, az sonra isə ərəb tacirləri göründülər. Məhz bu dövrdə bu ərazidə yeni suaxili etnik birliyi formalaşmağa başladı. Bu etnik birliyin tərkibini yerli tayfalarla yanaşı İrandan, Ərəbistandan və hətta Hindistandan gələnlər təşkil edirdilər. Suaxililər beynəlxalq ticarətlə məşğul olur, Afrikadan qul, qızıl, fil dişi aparır, buraya Asiya ölkələrindən sənətkarlıq məhsulları, parça, ərzaq məhsulları gətirirdilər. Orta əsrlərdə Tanzaniyanın dəniz sahillərində, yaxın adalarda şəhərlər salınmış, ticarət, kustar sənətkarlıq inkişaf etmişdir.
XV-XVIII əsrlərdə Tanzaniya portuqaliyalılarla ərəblər arasında müharibə meydanına çevrilmişdir. Portuqaliyalılar Tanzahiya ərazisindəki şəhər-dövlətləri əsarət altına almışlar. XVII-XVIII ölkə ərazisində bir neçə etnik konselidasiya zonaları formalaşmışdır. Bunun nəticəsində şambala, çaqqa, xexe. xaya xalqlarının ittifaqları yarandı. Bu ittifaq Klimancaro yamaclarından başlayaraq Hind okeanı sahillərinə qədər olan əraziləri birləşdirirdi.
© Copyright 2019 by R-travel & tour